Главная » 2013 » Декабрь » 27 » "Zaqatala" - 90
11:11
"Zaqatala" - 90
Bu yazı üçün sərlövhə seçdiyim sözləri noyabr ayının 25-də, rayonumuzun ən böyük yaşayış məntəqələrindən biri olan Əliabad qəsəbəsində, qəzetimizin ilk nömrəsinin çapdan çıxmasının 90 illiyinə həsr olunmuş görüşdə, bizim ziyalı dostumuz Ramiz Şabanov dedi. Ramiz müəllim bu sözləri o qədər səmimi və ürəkdən dedi ki, tədbir iştirakçıları  bundan təsirlənərək  hərəkətə gəldilər və onun bu sözləri tədbirin gedişində də, tədbirdən sonra da böyük təəssürat yaratdı. 
Bu sözlərdə böyük bir həqiqət vardı, çünki "Zaqatala” qəzeti Zaqatala rayonunda yaşayan insanların doğma qəzetidir. Biz qarşımızda bir məqsəd qoymuşuq: baçardığımız qədər informasiya verək, bacardığımız qədər  maarifləndirmə işi aparaq və yaxşı insanlar haqqında  yaxşı sözlər deyək, onları ruhlandıraq, qurmağa, yaratmağa həvəsləndirək. Qəzetçilərin əsas məqsədi budur. 

Düzdür, bu gün qəzetçilik haqqında söhbət düşəndə mən də, mənim iş yoldaşlarım da bir qədər narahat hislər keçiririk. Ona görə ki, bu gün adını qəzetçi qoyan o qədər qəribə varlıqlar peyda olub ki, insan bəzən hətta xəcalət hissi keçirir. Ancaq biz onunla təsəlli tapırıq ki, işlədiyimiz uzun illər ərzində heç kimin cibində gözümüz olmayıb. "Zaqatala” qəzetinə hər birimizin abunə yazılmağımıza gəldikdə isə mən deyərdim ki, bu bizim zaqatalalı olmaq borcumuzdur.

Qısaca olaraq bir neçə rəqəmi təkrar edim ki, indi "Zaqatala”  adlanan qəzetin birinci nömrəsi cəmi 2 səhifə olmaqla  1923-cü ildə, mart ayının 8-də çapdan çıxmışdır. Bu tarix özü deyir ki, ilk nömrə Beynəlxalq Qadınblar gününə həsr olunmuşdur. Qəzetin ilk redaktoru o dövrdə Zaqatala Rayon Qəza İnqilab Komitəsinin sədri olan, məşhur inqilabçı Zəkəriyyə Balaxlinski idi. Qeyd edim ki, "Zakatala kəntçisi ”  adlanan bu qəzetin həmin ilk nömrəsi  vaxtilə əlimizdə olub və tərəfimizdən oxunub. Yadımdadır ki, həmin nömrədə Beynəlxalq Qadınlar gününə həsr olunan  baş məqalə və digər materiallar dərc olunmuşdu.

İndi biz doğma qəzetimizin 90 yaşını bacardığımız kimi qeyd edirik. Bu münasibətlə keçirdiyimiz tədbirlər sırasında  oxucularla olan görüşlər mühüm yer tututr. Çünki buna bizim də, ümumiyyətlə hər bir qələm sahibinin də böyük ehtiyacı var. Oxucusu olmayan qəzet, yaxud başqa bir nəşr suyu olmayan çay kimidir. Bizdən, yəni hər bir qələm sahibindən ötrü  oxucu sözü, onun rəyi çox dəyərlidir.

Əliabad qəsəbəsində keçirilən  tədbir çox yüksək səviyyədə tarixə qovuşdu. Bu səviyyənin yüksəkliyi burada iştirak edən   insanların səmimi olması ilə ölçülür və buna görə də  mən əzəl başdan görüşü təşkil edənlərin hamısına  qəzetimizin kollektivi adından təşəkkür edirəm.

Görüş  lap bu yaxınlarda istifadəyə verilən, çox yaraşıqlı, gözəl bir binada, 3 nömrəli  tam  orta məktəbin akt zalında keçirildi. 2012-ci ilin may zəlzələsindən sonra  tikilən və bu yaxınlarda istifadəyə verilən  məktəb binası çox yaraşıqlı tikilib və burada işləyən  insanlar da çox səmimi və gözəldirlər. Məktəbin direktoru Natəvan xanım Məmmədova və müəllim kollektivi görüşün yüksək səviyyədə  keçməsi üçün əllərindən gələni etmişdilər. Buna görə də, artıq yuxarıda qeyd etdiyim kimi, bizim   Əliabad qəsəbəsində  keçirilən görüşümüz ürəyimizə yatan oldu.

Görüşə qəzəbənin ziyalıları, ictimaiyyətin nümayəndələri, başqa  məktəblərin müəllimləri dəvət olunmuşdular. "Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov  cıxış etdi. Onun geniş və hərtərəfli əhatə olunan  çıxışında rayon qəzetinin 90 ildə keçdiyi çətin və keşməkeşli yola qısa nəzər salındı. Redaktorun çıxışında olan bəzi nüanslar həm biz əməkdaşlarda, həm də tədbirin digər iştirakçılarında səmimi hislər yaratdı.

Tədbirdə çıxış edən digər insanların – məktəbin direktoru Natəvan xanım Məmmədovanın, RİHB-nin Əliabad qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəsi Həsən Həsənovun, onun müavini Ramiz Şabanovun, qəzetimizin əməkdaşlarından Elmira xanım Mehdiyevanın, şair Abdulla Əfəndinin, RTŞ metod kabinetinin müdiri Bəhruz Bayramovun və başqalarının çıxışları diqqətlə dinlənildi və səmimi qarşılandı.

Tədbirin gedişini  gözəl müğənni, Əliabad qəsəbə mədəniyyət evinin müdiri Əhmədiyyə Musayevin və məktəbin şagirdi Güneydə Həsənovanın oxuduğu mahnılar müşaiyət edirdi. Hələ  7-ci sinif şagirdi olan bu qızın oxuduğu "Zaqatala”  mahnısı  dinləyicilərə çox böyük sevinc bəxş etdi. Əhmədiyyənin oxuduğu mahnı da həmçinin.

Bəlkə deməyim artıq olar, ancaq deməsəm də olmur. Dünyada ən şərəfli peşə sahibləri olan müəllimlərin  bizdən ötrü açdıqları çay süfrəsi də çox gözəl idi. Üstündə "Zaqatala qəzeti” sözləri yazılan  dev tortu kəsməyə qıymırdıq, ancaq kəsdik…

Bir daha bu tədbirin təşkilatçılarına təşəkkür edir, Həsən müəllim başda olmaqla zəhmətsevər, səmimi insanları ilə tanınan  Əliabad qəsəbəsinin bütün sakinlərinə səmimi salamlarımızı göndəririk.

Məhəmməd Şabanoğlu  // "Zaqatala” qəzeti


P.S.: 

26 dekabr 2013-cü il tarixde rayon mədəniyyət evində "Zaqatala" qəzetinin 90 illik yubiley tədbiri keçirildi. Tədbirdə İctimai Yayım şirasının sədri, Prezident təqaüdçüsü, Azərbaycan jurnalistikasının ağsaqqalı Cahangir Məmmədli, Azərbaycan qəzetinin Gəncəbasar bölgəsi üzrə xüsusi müxbiri Əhməd İsayev, Zərdab rayonu "Əkinçi" qəzetinin redaktoru İsaməddin Əhmədov, Göyçay rayonu "Göyçay" qəzetinin redaktoru Abdulla Əliyev, Bakı Dövlət Universitetinin müəllimi Zaur Babayev, "Nəbz" qəzetinin baş redaktoru Qurban Cəbrayıl və başqa qonaqlar iştirak etmişlər. Tədbir barədə geniş materil qəzetin növbəti sayında çap olunacaq.
Категория: Алазанская долина | Просмотров: 1021 | Добавил: Alazan | Теги: “Zaqatala” qəzeti
Всего комментариев: 0
avatar
Контакты
RedАкция
191024, Saint-Petersburg,
Mytninskaya st., 1/19



info@alazan.su
Mirum
sample map